Adi bir .jpeg/.jpg formatlı şəkildə istənilən faylları gizlədib saxlamaq olar.
Bu şəkli daha sonra dostunuza da göndərə bilərsiniz. Bununla da məxfi məlumatlarınızı yad gözlərdən qorumuş olarsınız. Əgər ideya maraqlı gəldisə, o zaman gəlin başlayaq 🙂
1. WinRAR proqramını yükləyin
Bu gizli əməliyyatı həyata keçirmək üçün bizə WinRAR sıxlaşdırma proqramı lazımdır. Əgər kompüterinizdə WinRAR yoxdursa, onu buradan yükləyə bilərsiniz. Yüklədikdən sonra onu kompüterinizə instalyasiya edin.
2. JPEG şəklini seçin
Faylları gizləmək üçün .jpeg/.jpg formatında yaxşı bir şəkil seçin:
Bu şəklə yaddaqalan bir ad qoyun. Biz faylın adını sadə olsun deyə robot.jpg qoyduq.
3. Gizlətmək istədiyiniz faylları seçin. Bunlar istənilən formatda (.exe, .txt, .mp3, .mpeg, .avi və s.) fayl ola bilər.
4. WinRAR proqramını açın və seçdiyiniz faylları mausla proqram pəncərəsinin içərisinə daşıyın.
5. Qarşınıza çıxan yeni pəncərədə arxivə ad qoyun və OK düyməsinə vurun. Biz arxiv faylının adını msnrobot.rar qoyduq.
6. Sonra bir qovluq düzəldin və robot.jpg və msnrobot.rar fayllarını bu qovluğa daşıyın. Biz qovluğu D diskində düzəltdik və adını hidden qoyduq.
7. İndi isə əmr sətrini (command prompt) işə salın. Bunun üçün Start-dan axtarış yerində cmd yazıb enter düyməsinə vurun.
8. Əmr sətrinin qara ekranı qarşınıza çıxacaq. Burada aktiv qovluğu dəyişib düzəltdiyiniz qovluğa keçməlisiniz. Əvvəlcə D diskinə keçmək üçün D: yazıb enter düyməsinə vurun. Sonra da cd hidden yazıb enter düyməsinə vurun.
9. Və əməliyyatın ən həlledici məqamı. Əmr sətrində aşağıdakı əmri yazın və enter düyməsinə vurun:
copy /b robot.jpg + source.rar robot.jpg
Bu da son. İndi əgər kimsə robot.jpg faylını açsa sadəcə bir şəkil görmüş olacaq. Əslində isə bu şəkil özündə gizli faylları saxlayır. Bu faylları görmək üçün robot.jpg faylının genişləməsini dəyişib .rar etmək lazımdır. Bu zaman qarşınıza robot.rar faylı çıxacaq. Bu isə arxiv faylı olduğuna görə onu WinRAR proqramı açacaq. Fayl WinRAR-da açıldıqda gizli faylları görmüş olacaqsınız…
By: Kərim Tahiroğlu