Sabit telefon xəttinizi qida adapterinə çevirin və elektrik enerjisinə qənaət edin. Bu necə mümkündür? Bu günkü məqaləmizdə biz bunun praktiki yolunu göstərəcəyik.
Hazırda smartfon istifadəçilərinin sayı durmadan artır. Və bu smartfonlar istifadəçilərinin əlindən heç yerə düşmür. Yolda, avtobus və metroda, nahar fasiləsində, hətta gecə yatanda da mobil qurğulardan ayrı qala bilməyənlərimiz çoxdur 🙂 Belə olan halda telefonlarımızın batareyası daha tez bitir və biz də bundan daima şikayət edirik. Hətta gileylənirik ki, axı necə ola bilər ki, adi telefonları bir dəfə doldurursan bir həftə gedir, amma smartfonları gündə ən azı iki dəfə doldurmalı oluruq. Cavabı sadədir: adi telefonla ancaq zənglər edirdik, smartfonlarla isə zəngdən başqa hər şey edirik. Bəli bəli. Adi qaydada zənglər bir o qədər də batareya yemir, nəinki sosial şəbəkələr, oyunlar və videolar. Odur ki, smartfonların batareyalarının tez bitməsinə təəccüblənməməliyik.
İndi isə gələk məsələnin maddi tərəfinə. Əgər biz smartfonlarımızı gündə bir neçə dəfə elektrik şəbəkəsinə qoşub doldurmağa qoyuruqsa, yəgin ki, buna görə nə qədərsə işıq pulu da ödəyirik. Nəzərə alsaq ki, bir smartfon dolum əsnasında bir saat ərzində hardasa 5 Vatt elektrik enerjisi istehlak edir, bunu aya və ilə vuranda müəyyən məbləğ əmələ gəlir. Əgər gün ərzində telefonumuzu 2.5 saat doldururuqsa, bu günə 12.5, aya 375, ilə də 4563 Vts edir. Bu göstərici nəzəri hesablama nəticəsində əldə olunandır. Ekspertlər isə qeyd edir ki, təcrübədə bu göstərici hardasa iki dəfə daha çoxdur, yəni 9126 Vts. İndi gəlin hesablayaq. 9126 Vts 9.126 kVts, yuvarlaqlaşdırsaq 9 kVts-a bərabət olacaq. Hazırda (2016-cı il tariflərinə görə) ölkəmizdə 1 kVts elektrik enerjisinin qiyməti 6 qəpikdir. Bu isə o deməkdir ki, biz il ərzində 54 qəpik telefonun elektrik dolumu üçün pul ödəyirik. Əgər ailədə 3 belə smartfon varsa bu artıq 1 manat 62 qəpik edir. Bu isə çox böyük məbləğdir 😀 Zarafat bir yana, amma biz bu məbləğə qənaət edə bilərik. Necə? Adi stasionar telefon xəttindən istifadə etməklə. Həm də məsələ tək qənaətdə deyil. Düşünün ki, Siz işıqlar sönəndə də telefonunuzu doldura biləcəksiniz. Əgər ideya maraqlı gəldisə oxumağa davam edin.
Əvvəlcə evdəki telefon rozetini axtarıb tapın. Sizin rozet şəkildəkindən fərqli də ola bilər.
Bildiyiniz kimi ATS-in telefon xəttlərində 60 Volt sabit cərəyan olur. Biz bu cərəyanı bizə lazım olan 5 Volta (əksər smartfon adapterlərinin istifadə etdiyi) çevirsək ömrümüzün sonuna kimi smartfonlarımızı pulsuz olaraq elektrik enerjisi ilə təchiz edəcəyik.
Bu “müftəxor” əməliyyat üçün bizə aşağıdakılar lazımdır:
- Telefon rozetinə qoşmaq üçün bir ucu cekli telefon kabeli (50-60 sm).
- Voltaj Requlyatoru (5V, 1.5 A)
- USB uzatma kabeli (20-30 sm)
Əməliyyata başlamaq üçün bizə iti bıçaq və izolent də lazım olacaq. Hazırsınızsa bizi addım-addım izləyin:
1. İlk olaraq telefon kabelinin (jek vurulmamış) ucunu təmizləyin və naqillərini aşağıdakı kimi ayırın:
2. Sonra da USB uzatma kabelinin “ata” konnektorunu (ucluğunu) kəsin, kabel örtüyünü təmizləyin və naqillərini ayırın:
3. İndi isə telefon kabelinin və USB kabelinin naqillərini aşağıdakı sxemə uyğun olaraq Voltaj Requlyatoruna birləşdirin:
Naqilləri birləşdirdikdən sonra izolentləyin. Lakin daha yaxşı olardı ki, naqilləri lehmləyəsiniz.
4. Və nəhayət indi də qaldı telefon kabelini rozetə, mobil telefonunuzun USB kabelini də USB uzatma kabelinə qoşmaq:
Bu da son. Ümid edirik ki, bu kiçik cihaz Sizin işinizə çox yarayacaq. Və əgər istəsəniz uyğun Voltaj Requlyatorundan istifadə ediərək planşetlər üçün də bu cür adapter hazırlaya bilərsiniz. Sizə uğurlar 🙂