Sadə kompüter istifadəçiləri arasında hard disk ilə bağlı həqiqətə uyğun olmayan bir sıra miflər dolaşır. Bu məqaləmizdə Sizə bu miflər haqqında bəhs edəcəyik və ortaya çıxan sualları cavablandıracağıq.
Kompüteri tez-tez formatlamaq ziyandır?
Texniki nöqteyi-nəzərdən kompüteri, daha dəqiq desək onun hard diskini formatlamaq zərərli deyil. Lap istəyirsiniz hər gün formatlayın. Bu zaman hansısa sektor zədələnməsi və hard disk başlığının korşalması baş vermir. İstehsalçılar hard diskləri kifayət qədər möhkəm və etibarlı materiallardan hazırlayırlar və təbii ki, onların uzun ömürlü olmasına diqqət yetirirlər. Amma burada başqa bir məqam var. Siz öz kompüterinizi niyə tez-tez formatlamalısınız ki? Əgər kompüterə lisenziyalı əməliyyat sistemi və antivirus proqramı düzgün şəkildə yazılsa, və istifadəçi kompüterindən istifadə zamanı müəyyən profilaktik tədbirlər görsə onun tez-tez formata qaçmasına ehtiyac da olmaz.
Tez-tez format etmək məhsuldarlığı artırır?
Bu da başqa bir mifdir. Axı formatlamanın məhsuldarlıqla nə əlaqəsi var? Kompüterdən istifadə zamanı ləngimələr baş verirsə bunun başqa səbəbləri var. Bu zaman formatlama yox, başqa tədbirlər görülməlidir. İlk növbədə lazımsız proqramlar silinməli, defraqmentasiya aparılmalı və sistem registrinə əl gəzdirilməlidir.
Defraqmentasiya hard diskə ziyandır?
Doğrudur defraqmentasiya zamanı hard disk başlığı iri həcmli iş görür. Bu zaman isə başlığın korşalması ehtimalı çox azdır. Əvəzində isə defraqmentasiyadan sonra hard disk başlığının işi yüngülləşir və kompüterin məhsuldarlığında da xeyli irəliləyiş olur. Odur ki, defraqmentasiya zərərli yox, əksinə xeyirlidir.
Çoxlu endirmələr və proqram yükləmələri ziyandır?
Gəzən miflərdən biri də budur ki, bəs güya ki, internetdən çoxlu endirmələr etmək və kompüterə tez-tez yeni proqramlar yükləmək hard diskə ziyandır və güya onun ömrünü azaldır. Bu deyilənlər də əslində həqiqətə uyğun deyil. Çünki iş həcminə qalsa, hard disk daim hərəkət halındadır. Necə deyərlər onun işi budur. Hər detal kimi onun da bir ömrü var.
Elektrik kəsilmələri sektorların zədələnməsinə səbəb olurmu?
Elektrik kəsilmələri zamanı hard diskin sektorlarında hər hansı zədələnmələr baş vermir. Çünki elektrik cərəyanı olmadığı an hard disk başlığı avtomatik olaraq park edilir və bu da hard disk plastinlərinin zədələnməsinin qarşısını alır. Lakin qeyd etmək yerinə düşərdi ki, elektrik enerjisinin ani kəsilmələri zamanı əməliyyat sisteminin işində müəyyən problemlər (sistem fayllarının zədələnməsi kimi) meydana gələ bilər. Odur ki, UPS-lərdən istifadəsi olunması məsləhət görülür.
Hard disk gözləmə rejimində fırlanmır?
Belə bir dezinformasiya da var ki, güya ki, hard disk yalnız oxuma və yazma zamanı fırlanır, gözləmə rejimində isə fırlanmır. Bu mülahizə də yanlışdır, belə ki, hard disk hər zaman hərəkət halındadır.
Zədəli sektorları format edərək xilas etmək mümkündür?
Əslinə qalsa zədəli sektorlar artıq istifadəyə yararsızdırlar. Nə formatlama, nə də hər hansı başqa bir proqram zədələnmiş sektorları həyata qaytarmır. Müəyyən proqramlar vardır ki, zədəli sektorları sadəcə təcrid edirlər. Aşağı səviyyəli formatlama əməliyyatı ilə zədələnmiş sektorları rezerv cığırlardakı sektorlarla əvəz etmək mümkündür. Belə bir əvəzləmə isə əslində məhsuldarlığı aşağı salır. Ümumiyyətlə isə zədəli sektorların əmələ gəlməsi Sizin üçün bir siqnal olmalıdır və lazımlı informasıyanızı başqa bir yerdə yedəkləməlisiniz.
Hard disk yalnız üfüqi istiqamətdə quraşdırılmalıdır?
Bu mülahizə də həqiqətə uyğun deyil. Hard disk kompüter korpusuna istənilən vəziyyətdə quraşdırıla bilər.