Robototexnika Bazarı

COVID-19 pandemiyasının yayılması zamanı, satış sektoruna təsir edən istehsal fəaliyyətlərindəki məhdudiyyətlər sənaye robototexnika bazarının inkişafına mane oldu.

Robototexnika, kompüter elmləri və mühəndisliyini birləşdirən, robot adlanan maşınların yaradılmasını özündə ehtiva edən və yaşadığımız dövrün ən inkişafda olan sahəsidir. O, istər hər hansı bir iş sahəsinin, istərsə də gündəlik həyatın hər yönünə təsir edir. Həyat və iş təcrübələrini pozitiv şəkildə dəyişdirmək, səmərəliliyi və təhlükəsizlik səviyyələrini yüksəltmək, eləcə də yüksək səviyyəli xidmət göstərmək potensialına malikdir.

Robototexnika sənayesi bu gün texnoloji məkanın ən böyük bazarlarından biridir. İnsanların ağır avadanlıqları qaldırmasına və daşımasına kömək etmək məqsədilə istifadə edilən və vaxtilə sadə bir dizayna malik olan bu cihazlar, indi heç bir insanın köməyi olmadan düşünmək, öyrənmək və saysız-hesabsız fəaliyyət göstərmək qabiliyyətinə malik, inkişaf etmiş maşınlar halına gəliblər. [1]

San Fransiskonun yeni şirkətlərindən biri olan Momentum Machines”də

saatda 360 hamburger hazırlaya bilən robot

Bu gün robototexnikanın sürətlə inkişaf etməsinin əsas səbəbi, texnoloji inkişafların davam etməsi; yeni robotların araşdırılması, dizayn edilməsi və qurulmasının istər daxili, istər ticari, istərsə də hərbi baxımdan müxtəlif siyasi məqsədlərə xidmət etməsidir. Dünyanın ən sərt şərtlərini araşdıran botların, hüquq – mühafizə orqanlarına kömək edən və hətta sağlamlıq sahələrində istifadə olunan robotların inkişafı və istifadəsini özündə birləşdirən robototexnikanın genişləndirilmiş formada belə bir tərifini verə bilərik: [1]

  • Robototexnika texnologiyası, öz proqramlaşdırılmış yaddaşından istifadə edərək əmrləri yerinə yetirə bilən inkişaf etmiş maşınlar toplusudur.

Yəni filmlərdə,kompüter oyunlarında qarşımıza çıxan robotlar və robotik proseslər artıq həyatımızda öz yerini tutmağa başlayıb. Süni intellekt (AI) texnologiyası ilə uzun bir yol qət edən elm adamları sağlamlıqdan kənd təsərrüfatına, nəqliyyatdan sənayeyə qədər bir çox sahədə robotlardan istifadəyə üstünlük veriblər. Hətta artıq bəzi ölkələrdə robotların intensiv istifadəsi ilə əlaqədar olaraq robot vergisi adlanan prosesin tətbiq edilməsi planlaşdırılır. Robot bazarı yaşadığı bu inkişaflarla birlikdə çox vacib bir sıra irəliləmələr qət etmişdir.[2]

Bəs robot bazarı hansı mərhələlərdən keçib?

Filmlərdə hamımızın heyranlıqla baxdığımız robotlar, gündəlik həyatda bir həkim yaxud kənd təsərrüfatı sahəsində işləyən bir işçi kimi qarşımıza çıxa bilər. Xüsusilə pandemiya zamanı süni intellekt texnologiyası ilə birlikdə robotik tətbiqlərdən istifadə olunmağa başladı. Robot və robotik proseslə bağlı irəliləmələr nəticəsində bir çox layihələr həyata keçirildi.

Sənaye İnqilabını ortaya çıxaran və bütün istehsal formalarını kökündən dəyişdirən avtomatlaşdırma robotik prosesin əsasını təşkil edir. Xüsusən də 19-cu əsrin ikinci yarısında baş verən elmi inkişaflar robotik tədqiqatları bugünkü səviyyəyə çatdırdı. Bu dövrdə aparılan işlər robotik prosesdə yer alan əsas inkişaflar hesab olunurdu. 1960-cı illərdən sonra yaşanan rəqəmsallaşma prosesi süni intellekt anlayışı ilə birlikdə proqramlaşdırıla bilən robotların həyatımızda yerini gücləndirməyə başladı. [2]

Robotlar təkcə hərəkətləri ilə deyil,

  • Öyrənmə;
  • Nəticə çıxarma;
  • Qərar vermə kimi idraki xüsusiyyətləri ilə də insana daha çox bənzəməyə başladılar.

Robotların tibbdən avtomobil sənayesinə qədər bir çox sahədə istifadəsi. Günümüzdə, dəfələrlə təkrarlanan, güc tələb edən və ekstremal şəraitdə yerinə yetirilməli olan işlər artıq robotlar tərəfindən həyata keçirilir. Hətta bu vəziyyət elə bir hal alıb ki, Çində tibb imtahanından keçərək “Assistant Doctor AI” adlı robotun həkim olaraq işə başlaması çox təbii qarşılanıb.

Süni intellektə malik olan bu robot, avtomatik olaraq xəstə məlumatlarını götürüb təhlil edə və ilkin diaqnoz qoya bilər.

Ümumiyyətlə tibbdə istifadə edilən cərrahi robotlar bir çox müalicənin müvəffəqiyyət nisbətini əhəmiyyətli dərəcədə artırmışdır. Buna misal olaraq, daVinçi-X adlı robotu göstərə bilərik ki, bu, tibbdəki inkişafların gəldiyi son nöqtədir və cərrahlar üçün mükəmməl bir köməkçi hesab olunur. Heç bir işi təkbaşına görməyən bu robot, sanki cərrahın qolunun uzantısı funksiyasını daşıyır.

Laparoskopik cərrahiyyədə ən müasir texnologiya hesab edilən daVinçi-X-Robotu cərrahlara yaxşı görüş qabiliyyəti təqdim etməklə, 3D görünüş əldə etmələrini təmin edir. Həmçinin görüntüyü 10 dəfə böyütməklə, əməliyyat aparılan səthi daha aydın görməyə imkan verir. Robotik qollar insan əlindən çox daha yaxşı və həssas hərəkət qabiliyyətinə malikdirlər.

Robototexnika bazarında son vəziyyət

Sənaye Robototexnika Bazarı dedikdə, buraya sənayenin müxtəlif sahələrində (Avtomobil, Elektrik və Elektronika, Kimyəvi Kauçuk və Plastik, Qida və İçki, maşın və digərləri) iş yükünün azaldılması məqsədilə istifadə olunan genişmiqyaslı robotların istifadəsi, istehsalı, alışı, satışı zamanı əldə edilən gəlir və s. bu kimi proseslər ardıcıllığı  nəzərdə tutulur. [4]

Sənaye robotları üçün qlobal bazar 2021-ci ildə təqribən 43,8 milyard ABŞ dolları təşkil edib. Qlobal Sənaye Robototexnika Bazarının 2026-cı ilə qədər 85.2 milyon ABŞ dolları gəlir əldə edəcəyi, 2019-2026-cı illərdə isə illik artım dərəcəsində 8.6% böyümə gözlənilir.

Araşdırmalar göstərir ki, proqramlaşdırma, dizayn və mühəndislik kimi sahələri bir araya gətirən robototexnika sənayesi yaxın gələcəkdə milyardlarla dollarlıq böyümə əldə edəcək. Bu artımı yaradacaq tətbiq sahələrini aşağıdakı kimi sadalaya bilərik: [2]

  • Hərbi robotlar;
  • Tibbi robotlar;
  • Geyinilə bilən robototexnika;
  • Xidmət robotları;
  • Mikrobotlar/nanobotlar;
  • Sürücüsüz nəqliyyat vasitələri;
  • Sənaye avtomatlaşdırma robotları.

Koronavirus pandemiyası, qapanmalar müddətində müxtəlif istifadəli sənayelərin bağlanması səbəbindən qlobal sənaye robototexnika bazarına mənfi təsir göstərdi. Bazarın 2023-cü ilin 2-ci və 3-cü rübündə bərpa olunacağı gözlənilir. Bazarın aparıcı liderləri pandemiya sonrası bazarda artımı bərpa etmək üçün strategiyaların işlənib hazırlanmasına yönəlmişdirlər. [4]

Əgər robotların tarixinə nəzər salsaq, görərik ki, robotların sıçrayış edəcək növbəti texnologiyalar  olacağına ilk olaraq amerikalılar diqqət yetiriblər. 2011-ci ildə ABŞ-da robototexnika üzrə inkişaf planı hazırlanmışdır. Bu plan sənaye və tibbdən tutmuş, kosmik və hərbi robototexnikayadək bütün inkişaf sahələrini əhatə edir.

“Skolkovo” İnnovasiya Mərkəzinin Robototexnika Mərkəzinin rəhbəri Albert Yefimovun“Год роботов” (“Robotlar ili”) adlı maraqlı məqaləsində qeyd olunmuşdur ki, dünyanın iqtisadi cəhətdən 5 nəhəng dövləti (ABŞ, Fransa, Böyük Britaniya, Cənubi Koreya və Yaponiya) robototexnikaya dəstək baxımından iri miqyaslı dövlət proqramı hazırlamışdır. Bu dəstək proqramına həmçinin Avropa Birliyi də daxil edilmişdir. [5] ABŞ-da təyin edilmiş proqram rəqəmsal istehsal, tibb və sağlamlıq sahələri ilə yanaşı həmçinin hərbi və kosmik təyinatlı robotların hazırlanmasını da əhatə etmişdir. 2020-ci ilə qədər rəqəmsal texnologiyalar üçün ayrılmış 2,2 milyard dollardan təxminən 500 milyon dollar məbləğində vəsait robototexnikaya yatırılmışdır.

Fransada təşkil olunmuş proqram isə özündə mülki robototexnikanın bütün sahələrini birləşdirir. Bu layihəyə 100 milyo avro dəyərində vəsait ayrılmışdır.

Böyük Britaniyada yerinə yetiriləcək layihə sənədində isə intellektual robotlar və avtonom nəqliyyat sistemlərinin yaradılması qeyd olunmuşdur.

Cənubi Koreyada reallaşdırılacaq proqramın əsas məqsədi isə yerli istehsal robotlarına olan tələbatı artırmaqdır. Buna görə də bu layihə üçün təxminən 2,4 milyard dollar dəyərində vəsait ayrılıb.

Yaponiyaya gəldikdə isə burada əsas fikir yalnız ölkə daxilində robototexnika bazarının yaradılmasına yönəldilmişdir.

Nəticə olaraq görürük ki, hər bir ölkə təyin etdiyi proqram çərçivəsində özü üçün mühüm olan sahəyə diqqət yetirir. Ümumiyyətlə, son 20 ildə müdafiə sənayesi sahəsində də Robotik texnologiyaya geniş üstünlük verilir. Başda pilotsuz sistemlər olmaqla, kəşfiyyat, müşahidə, silahlı patrul, dəqiq idarə olunan hücum və axtarış-xilasetmə kimi hərbi əməliyyat tapşırıqlarında üstünlük verilən bu sistem, dünyanın inkişaf etmiş ölkələri tərəfindən geniş şəkildə istifadə olunur.

Beynəlxalq Robototexnika Federasiyasının araşdırmasına görə, 2011-ci ilin sonunda dünya sənaye robotları bazarı 8,5 milyard dollar təşkil edib. 2020-ci ilin sonuna qədər isə bazar payının 100 milyard dollar həcminə çatması hədəflənirdi. Texnologiya deyildikdə, ağla ilk gələn ölkələrdən biri olan Yaponiyanın 2025-ci ildə 1 milyon sənaye robotundan ibarət sənaye inventarı quracağı açıqlanıb. [2]

Hal-hazırda Robot texnologiyası daha çox aşağıdakı sahələrdə istifadə olunur:

  • Avtomobil
  • Məişət texnikası
  • Qablaşdırma
  • Tekstil
  • Dərman
  • Qida.

İstinad:

  1. https://worldscholarshipforum.com/az/s%C9%99rv%C9%99t/robot-texnikas%C4%B1na-nec%C9%99-s%C9%99rmay%C9%99-qoymaq-olar/
  2. https://www.teknolojidenbihaber.com/robot-pazari-100-milyar-dolarlik-hedefe-kosuyor/
  3. https://youtu.be/HHOxmprJUZ4
  4. https://www.globenewswire.com/news-release/2021/11/03/2326472/0/en/Future-Growth-Global-Industrial-Robotics-Market-Expected-to-Generate-a-Revenue-of-85-2-Million-by-2026-Growing-at-a-CAGR-of-8-6-from-2019-2026-Exclusive-Report-150-Pages-By-Researc.html
  5. https://ict.az/az/news/693/

Xuraman Tağızadə